Hərrac

 

Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydaları

​1.1. Qiymətləndirmənin nəticələrinə dair hesabat icra qurumuna təqdim edildikdən sonra tələbkar Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa uyğun olaraq ona təklif olunmuş əmlakı qəbul etməkdən imtina etdiyi, yaxud təklifə münasibət bildirməsi üçün icra məmuru tərəfindən təyin olunmuş müddəti ötürdüyü gündən 2 iş günü ərzində və ya bu barədə icra sənədində birbaşa göstərildikdə “sifarişçi”təxirəsalmadan ixtisaslaşdırılmış təşkilata əmlakın açıq hərracda satışı üçün sifariş verir.

​İcra məmuru həmçinin, hərraca çıxarılan əmlakın ixtisaslaşdırılmış təşkilata təhvil verilməsi (təqdim olunması) üçün mümkün tədbirlər görür. Daşınar əmlak (məişət əşyaları, zinət əşyaları, antik əşyalar və s.) sifarişçi tərəfindən təşkilatçıya “Qəbul-təhvil aktı” üzrə verilir, hərrac baş tutmadığı halda isə eyni qaydada geri alınır. 

1.2. Bu Əlavənin məqsədləri baxımından əmlakın açıq hərracda satışı – ilkin satış qiyməti müəyyən olunmuş borcluya məxsus əmlakın ixtisaslaşdırılmış təşkilat tərəfindən elan edilməklə keçirilən hərracda (auksionda) ən yüksək qiymət təklif etmiş alıcıya (bu Əlavənin 1.15.21-ci yarımbəndində göstərilən şəxslər istisna olmaqla) satılmasıdır. 

1.3. Hərracın “təşkilatçı”sı icra məmurundan sənədləri aldıqdan sonrakı 5 iş günü ərzində yüksək tirajlı kütləvi informasiya vasitələrində (o cümlədən tap.az, lalafo.az, turbo.az, bina.az, yeniemlak.az və s. kimi geniş müraciət olunan internet portallarının birində və ya bir neçəsində), eləcə də öz rəsmi internet və sosial şəbəkə səhifəsində hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir. Elanın dərc edildiyi gün ilə hərracın təyin olunduğu gün arasındakı müddət 25 təqvim günündən, yararlılıq müddəti başa çatmaqda, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu olan əmlak satıldıqda isə 7 təqvim günündən artıq ola bilməz. Elanda hərracın “təşkilatçı”sının adı, ünvanı, işlək əlaqə nömrələri və elektron poçtu, rəsmi internet və sosial şəbəkə səhifələri,sifarişçi barədə məlumat, hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, hərracın predmeti və ilkin (təkrar) satış qiyməti, onun mülkiyyətçisi, ünvanı, növü, fotoşəkilləri, hərracın predmeti ilə əvvəlcədən tanış olma qaydaları, hərrac addımı (elan edilmiş qiymətin 1%-dən az olmayaraq), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, köçürülə biləcəyi bank hesabı, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, həmin sənədlərin qəbulu günü, son müddəti və yeri, habelə alış qiymətinin ödənilməsi müddəti, köçürülməli olduğu bank hesabı və ödənişin qaydası haqqında məlumatlar olmalıdır.

1.4. Hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə ilkin satış qiymətinin 5 faizi, daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi həcmində müəyyən edilir. Tələbkar beh ödəməkdən azaddır. 

1.5. Hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə “sifarişçi” və (ya) “təşkilatçı” tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır. 

1.6. Hərracda iştirak etmək üçün müraciət etmiş və tələb olunan sənədləri elanda göstərilən müddətdə təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər.  

1.7. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə hərracın “təşkilatçı”sının müəyyən etdiyi nümunəyə müvafiq olaraq sonuncuya verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 

1.7.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü və ya nağd şəkildə “təşkilatçı”ya ödənildiyitəsdiq edən sənəd; 

1.7.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti; 

1.7.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti. 

1.8. Hərracın “təşkilatçı”sı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar: 

1.8.1. hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma mərhələsində olduqda, fəaliyyəti dayandırıldıqda, yaxud müflis elan olunması üzrə məhkəmə tərəfindən icraata başlandıqda; 

1.8.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdəvə ya hərraca çıxarılan əmlak barədə əqd bağlamaq səlahiyyəti olmadıqda; 

1.8.3. sənədlər ərizələrin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə; 

1.8.4. ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə; 

1.8.5. bu Əlavənin 1.7-ci bəndində göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda. 

1.8.6. Torpaq sahəsi hərraca çıxarılan zaman xarici hüquqi və fiziki şəxslər hərracda iştirak etmirlər.

1.8.7. Dövriyyəsi məhdudlaşdırılmış əmlakların hərracında yalnız xüsusi lisenziyası olan şəxslər və səlahiyyətli orqanlariştirak edirlər. 

1.9. Sənədlərin qəbulundan imtina, onun əsasları yazılı surətdə bildirilməklə hərracın “təşkilatçı”sı tərəfindən edilir. Ərizə və qəbul edilməyən sənədlər, həmçinin ödənilmiş beh məbləği imtinanın növbəti iş günü ərzində qaytarılır. 

1.10. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın “təşkilatçı”sına təqdim edirlər. 

Hərracın “təşkilatçı”sı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir. Bundan sonra “təşkilatçı” sənədlərin siyahısının bir nüsxəsində onların qəbul edilmə vaxtına dair qeyd aparır, qeydiyyat jurnalındakı nömrəsini göstərir, həmin nüsxəni imza və müvafiq ştampla təsdiq edərək ərizəçiyə qaytarır. 

1.11. Hərrac iştirakçılarına onların hərracda iştirak etmək nömrəsini əks etdirən bilet verilir. Bundan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edirlər.

1.12. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək “təşkilatçı”ya yazılı formada müraciət etməklə öz ərizəsini geri götürə bilər. Bu barədə sənədlərin qəbulu jurnalında müvafiq qeyd aparılmalıdır. Ərizənin geri götürülməsi hərracın şərtlərinə uyğundursa ödənilmiş beh 2 iş günü ərzində geri qaytarılır. 

1.13. Hərracın təşkilatçısı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün qanunvericiliyə uyğun  tədbirlər görür. 

1.14. Hərracın təşkilatçısı həmçinin:

1.14.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;

1.14.2. satışın baş tutub-tutmadığını təsdiq edir;

1.14.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı baş tutmamış elan edir;

1.14.4. icra işi üzrə tərəflərə bu Əlavənin 1.3-cü bəndində nəzərdə tutulan elanla eyni vaxtda və onunla eyni məzmunlu olan bildirişi sifarişli poçt vasitəsilə göndərir, yaxud bilavasitə təqdim edir; 

1.15. Hərrac aşağıdakı qaydada keçirilir:

1.15.1. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;

1.15.2. hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Əmlakı elan olunmuş satış qiymətinə almağa razı olan hərrac iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Artırılma (hərrac addımı) elan edilmiş qiymətin azı 1%-i qədər olmalı və müvafiq iştirakçı tərəfindən səsləndirilməlidir. (yaxud yazılı şəkildə nümayiş etdirilməlidir). Elan olunmuş sonuncu satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu vaxt hərracı aparan şəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir; 

1.15.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur. Bu qayda iki və ya daha çox şəxsin əmlakı almaq üçün biletini qaldırdığı, lakin növbəti hərrac addımının atılmadığı hallara da şamil edilir, bir şərtlə ki, həmin şəxslər əmlakı ümumi mülkiyyətə qəbul etməyə razı olmasın;

1.15.4. Hərrac baş tutmadıqda bu barədə protokol tərtib olunur və növbəti (təkrar) hərrac keçirilir. Təkrar hərracların sayı 3-dən artıq ola bilməz. Hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində bu Əlavənin 1.3-cü bəndinə uyğun elan dərc olunur. Həmin elanda əvvəlki hərracın baş tutmadığı və bunun səbəbi barədə məlumat da öz əksini tapmalıdır. İkinci hərracda ilkin satış qiyməti birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 10 faizi, sonrakı hərraclarda isə müvafiq olaraq 20 və 30 faizi qədər aşağı salınmaqla müəyyən olunur;

1.15.5. Hərraclar arasındakı müddət 15 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 7 gündən çox olmamalıdır;

1.15.6. yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda yenidən qiymətləndirilərək hərracda satılmalıdır.

1.15.7. Hərrac başa çatdıqdan sonrakı 24 saat ərzində hərracın təşkilatçısı hərracın yekunları üzrə sifarişçi, alıcı və özü tərəfindən imzalanmalı olan protokol (dörd nüsxədə) tərtib edir. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsdə, bir nüsxəsi sifarişçidə, bir nüsxəsi təşkilatçıda saxlanılır, bir nüsxəsi isə borcluya verilir.

1.15.8. Protokolda hərracın keçirilməsinin tarixi, vaxtı və yeri, hərracın keçirilməsi üçün əsas, “sifarişçi” və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlaka dair məlumatlar, o cümlədən mülkiyyətçisi, ünvanı, növü, ilkin, azaldılmış (artırılmış) və son satış qiymətləri, satış qiymətinin (əgər alıcı icra sənədi üzrə tələbkardırsa və əmlakın satış qiyməti icra sənədindəki tələbdən çoxdursa, ödənilmiş beh də nəzərə alınmaqla aradakı fərqin) ödəniləcəyi bank hesabı, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Hərracın qalibi və hərracın “təşkilatçı”sı protokol tərtib edilən gün onu imzalamalıdırlar. İmzalanmış protokol həmin gün elektron qaydada, həmçinin 3 iş günündən gec olmayaraq kağız daşıyıcıda icra məmuruna təqdim olunmalıdır. İcra məmuru 3 iş günü (hərracın predmeti yararlılıq müddəti başa çatmaqda olan əmlak olduqda isə 1 iş günü) müddətində protokolu imzalayır, yaxud aşağıdakı hallar mövcud olduqda protokolu imzalamaqdan imtina edir:

1.15.8.1. hərrac qanunvericiliklə müəyyən edilmiş qaydaları və ya bu Müqavilənin şərtlərini pozmaqla həyata keçirildikdə;

1.15.8.2. hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində və qanunla nəzərdə tutulmuş digər mənbələrdə dərc etdirilmədikdə, habelə tələbkara və borcluya hərracın keçirilməsinə dair bildiriş göndərilmədikdə (təqdim edilmədikdə);

1.15.8.3. hərracın nəticələri barədə protokol bu bəndintələblərinə uyğun olaraq tərtib edilmədikdə, yaxud protokolda göstərilən məlumatlar qeyri-düzgün olduqda;

1.15.8.4. icra sənədi üzrə icraat dayandırıldıqda;

1.15.8.5. əmlakın satış dəyəri (hərracın qalibi tələbkar olduqda və əmlak borc məbləğindən daha yüksək qiymətə satıldıqda isə aradakı fərq) tam ödənilmədikdə;

1.15.8.6. icra sənədi üzrə tələbin hərrac keçirilənədək tam icra edildiyi məlum olduqda.

1.15.8.7. əmlakın üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsaslanan hüquq yarandığı, yaxud qadağa olduğu məlum olduqda.

1.15.9. İmtinanın əsasları aradan qaldırıla bilən nöqsanlar olduqda, “təşkilatçı” protokolu müvafiq düzəlişlərlə tərtib edərək təkrarən icra məmuruna təqdim edir, əks halda hərracın pozuntuya yol verilən mərhələdən etibarən yenidən keçirilməsi istiqamətində tədbirlər görür.

1.15.10. Hərrac vasitəsi ilə satılmış daşınar əmlakın hərracın qalibinə təhvil verilməsi “təşkilatçı” tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Qəbul-təhvil aktı” və “Hesab-faktura” əsasında həyata keçirilir. 

1.15.11. Qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu hər hansı üzrlü səbəb olmadan imzalamaqdan,yaxud əmlakın dəyərini ödəməkdən imtina etdikdə verdiyi beh geri qaytarılmır. Həmin şəxs tələbkar olduqda isə o, növbəti hərracda iştirak etmək hüququnu itirir. Bu hallarda əmlakıhərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu əmlakı almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. 

1.15.12. Protokolu imzalamaqdan əsassız imtina edən “sifarişçi” və ya hərracın “təşkilatçı”sı qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində ona dəyən zərərin əvəzini ödəməlidir. Ziyanın məbləği sifarişçinin və qalib gəlmiş şəxsin razılığı əsasında müəyyən edilir. Tərəflər razılığa gəlmədikdə zərərin məbləği onların birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilir;

1.15.13. Hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 5 iş günü müddətində geri qaytarılır;

1.15.14. Hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən protokol tərtib edilir.  

1.15.15. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 15 təqvim günü müddətində hərracın “Təşkilatçı”sı tərəfindən hərracın keçirilməsi haqqında elanın verildiyi kütləvi informasiya vasitələrində verilir.

1.15.16. Hərracın qalibi hərracın yekunları barədə protokolun tərtib edildiyi vaxtdan ən geci 3 iş günü ərzində ödəməli olduğu pul vəsaitini “Sifarişçi” icra qurumunun depozit hesabına köçürür. 

1.15.17. Hərracın təşkilatçısı bu Əlavənin 1.15.18-ciyarımbəndinə uyğun olaraq hərrac xərcləri barədə hesab-fakturanı sifarişçiyə təqdim edir.

 1.15.18. Hərrac üzrə xidmət haqqı (hərrac xərcləri) hərrac predmetinin satış qiymətinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:

- Satış dəyəri 500 manatadək olan əmlaklar üzrə 25 manat;

- Satış dəyəri 500 manatdan 1 000 manatadək olan əmlaklar üzrə ilk 500 manat üçün 25 manat və hər sonrakı 100 manat üçün 5 manat;

- Satış dəyəri 1 000 manatdan 500 000 manatadək olan əmlaklar üzrə ilk 1 000 manat üçün 50 manat və hər əlavə 1 000 manat üçün 20 manat;

- Satış dəyəri 500 000 manatdan 1 000 000 manatadək olan əmlaklar üzrə ilk 500 000 manat üçün 10 000 manat və əlavə olaraq hər 100 000 manat üçün 1 000 manat.

Dəyəri 1 000 000 manatdan yuxarı olan əmlaklar üzrəxidmət haqqı (hərrac xərcləri) 15 000 manatdan az olmamaqla qarşılıqlı razılıq əsasında müəyyən edilir. 

1.15.19. Əmlakın satılmasından əldə edilən məbləğlər əmlakın qiymətləndirilməsi, hərracda satışı üzrə xərclərin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar digər xərclərin və icra sənədində göstərilən borcun ödənilməsinə yönəldilir. Bundan sonra icra ödənişi tutulur. Əlavə vəsait qalarsa və aidiyyəti icra qurumunun icraatında borclunun borclu tərəf olduğu digər icra sənədi olmazsa, həmin məbləğ borcluya qaytarılır. 

1.15.20. Hərrac predmetinin satışından əldə olunan vəsait hərracın keçirilməsi ilə bağlı xərcləri, habelə qiymətləndirmə xərclərinin borclunun üzərinə düşən hissəsini ödəmədikdə həmin xərclər tələbkar tərəfindən avanslaşdırılır. Növbəti icra tədbirləri ilə borcluya məxsus vəsait əldə ediləcəyi təqdirdə avans məbləği tələbkarın xeyrinə tutulur. İcra icraatı çərçivəsində avansın qaytarılması mümkün olmadıqda tələbkar həmin məbləğə dair borcluya qarşı məhkəmə qaydasında ayrıca iddia qaldıra bilər.

Hərrac xərclərinin ödənilməsində icra məmurlarının xüsusi fondunun vəsaitindən də istifadə oluna bilər. Həmin vəsait icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilməklə, müvafiq olaraq borclunun satılmış əmlakından gəlirə yönəldilmə, tələbkara ödəniləcək vəsaitdən isə azaldılma yolu ilə tutulur.

1.15.21. Əmlakın açıq hərracda satışında “Sifarişçi” icra qurumunun və hərracın “Təşkilatçı”sının əməkdaşlarının birbaşa və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir.

1.15.22. Əmlakın satışından daxil olan pul vəsaiti bu Əlavənin 1.15.19-cu bəndində göstərilən xərclərin və borcun ödənilməsi üçün kifayət etmədikdə icra məmuru qalan borc məbləğini (xərcləri) hesablayır və borcludan tutulması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri davam etdirir. 

1.15.23. Hərracla bağlı bütün ödənişlər (beh ödənişi istisna olmaqla) icra qurumunun depozit hesabına köçürülməli və həmin hesab vasitəsilə aidiyyəti üzrə ödənilməlidir. Hərrac təşkilatı hərrac üzrə xidmət haqqının ödənilməsinə kifayət edən və qaytarılmalı olmayan beh məbləğindən həmin xidmət haqqını çıxa bilər. Bu zaman qalıq vəsait icra qurumunun depozit hesabına köçürülür. 

 

2. Hərracın baş tutmaması

 

2.1. Bu Əlavənin 1.14.3 və 1.15.3-cü yarımbəndlərində göstərilənlərdən əlavə aşağıdakı hallarda da hərrac baş tutmamış hesab edilir:   

2.1.1. hərraca iştirakçı gəlmədikdə;

2.1.2. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə;

2.1.3. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə;

2.1.4. icra məmuru protokolu aradan qaldırılması mümkün olmayan pozuntular səbəbindən imzalamadıqda.

​2.2. Sonuncu hərrac baş tutmadıqda hərracın “Təşkilatçı”sı bu barədə tərtib olunmuş protokolu bu Müqavilənin 4.3-cü bəndində müəyyən edilmiş qaydada “Sifarişçi”yə göndərməlidir. 

2.3. Həmin protokolu qəbul edən “Sifarişçi” icra qurumunun icra məmuru “İcra haqqında” Qanunun 53.3-cü maddəsinin tələblərinə əməl edir. 

2.4. İpoteka qoyulmuş əmlaka münasibətdə “Sifarişçi” (icra qurumu) ipoteka predmetinin əldə edilib-edilməməsi barədə ipoteka saxlayana təxirəsalmadan rəsmi müraciət göndərməli, ipoteka saxlayan isə 30 gün müddətində bu barədə icra qurumuna rəsmi qaydada məlumat verməlidir. İpoteka saxlayan ipoteka predmetini əldə etmək niyyətini bildirdikdə icra qurumu müvafiq rəsmiləşdirmə aparılmasından ötrü “Təşkilatçı”ya müraciət edir.